Təkərli evdə səyahət edənlər: Biz xoşbəxtliyin sirrini tapdıq - MÜSAHİBƏ

Təkərli evdə səyahət edənlər: Biz xoşbəxtliyin sirrini tapdıq - MÜSAHİBƏ

Rusiyanın Həştərxan şəhərindən olan Andrey və Kseniya Jilenkovlar (Çuşko) ailəsi öz övladları ilə dünya səyahətinə çıxıblar və bu səyahətin növbəti dayanacağı Azərbaycanın paytaxtı olub.

Burada onlar Oxu.Az-ın müxbiri ilə görüşüb və həyata baxışları barədə söhbət ediblər.

"Dünyada siyasət çoxdur və biz istər-istəməz reallıqdan çox uzaq xeyli məlumat alırıq. İndi mən dəqiq bilirəm, yalnız Bakıda olmaqla, bu ölkə və azərbaycanlılar haqqında həqiqəti öyrənmək olar”, - deyə Bakını bir çox dünya şəhərlərinin bənzəməli olduğu etalon hesab edən Kseniya Jilenkova saytımıza bildirib.

- Necə oldu ki, səyahətə çıxmaq qərarına gəldiniz və nə üçün məhz UAZ-da?

Kseniya: - Mən uşaqlıqdan səyahəti çox xoşlayırdım. Bu, mənim arzum idi.

Andrey: - Mən isə həmişə marşrut avtobusunun sürücüsü olmaq istəmişəm. Kimin ağlına gələrdi ki, nə vaxtsa görüşəcəyik, arzularımız belə lakonik şəkildə birləşəcək və həyata keçəcək.



Kseniya: - Biz sadə insanlara dünyanın digər ölkələrində onlar kimi insanların necə yaşadığını göstərmək istəyirik. Bu, onların internetdəki açıq mənbələrdən baxıb, oxuya biləcəkləri şey deyil. Biz ölkəni içəridən göstəririk.

Andrey: - Maşını büdcəmizə və orijinal xarici görünüşünə görə seçdik. Məhz buna görə UAZ. Onu özüm düzəltdim. Hər şey yoldaşımla zövqümüzə və tələbatımıza uyğundur.

- Bizə məlumdur ki, siz həyat tərzinizlə çoxlarından fərqlənirsiniz. Xəstəxanalara getmirsiniz, uşağınız məktəbdə oxumayacaq. Bundan başqa, sizin qidalanmaq tərziniz də digərlərindən fərqlənir.

Kseniya: - Biz həyatımızda ciddi dəyişikliklərə düşünülmüş yanaşırıq, ona tədricən yaxınlaşırıq: öyrənirik, informasiya tapırıq, yoxlayırıq, çoxlu ədəbiyyat oxuyuruq, videodərslərə, seminarlara baxırıq.

Beləliklə, bitkilərlə qidalanma seçiminə gəldik və heyvani zülaldan imtina etdik. Uzun müddət enerjili, sağlam və təbii gözəl qalmaq istəyirik. Və yalnız bitki mənşəli, əsasən, təzə meyvə və tərəvəzlərdən ibarət qidalanma buna imkan verir. Biz sağlam qidalanmanı seçirik.



- KİV-də yazırdılar ki, hətta sizdən doğuşu əriniz qəbul edib. Bu, doğrudur?

Kseniya: - Bəli. Hamiləliyimin son günləri idi. O zaman artıq Andreylə qərara gəlmişdik ki, doğuşu özümüz qəbul edəcəyik. Sağlam oğlan uşağı doğuldu. Bu məqsədə doğru doqquz ay irəlilədik, bütün hamiləyim boyunca çoxlu kitablar, ədəbiyyat oxuduq, dünya mamalarının çoxsaylı dərslərinə baxdıq. Hər kəs bu seçimə düşünülmüş yanaşmalıdır, o, çox ciddidir, bu seçimdən həyat doğur.

- Sizin üçün maşında, hələ bir uşaqla səyahət etmək çətin deyil?

Kseniya: - Heç bir çətinlik yoxdur, əgər hər şeyi təbii etsən. Əsasən, analarda uşaq xəstələnərkən, yaxud yatmaq istəməyəndə problem yaranır. Lakin bizdə bununla bağlı hər şey sadədir. Bizim Lyovanın iki yaşı var. O, demək olar ki, xəstələnmir və istəyəndə yatır.

Andrey: - Ümumiyyətlə, avtomobildə səyahət zamanı gigiyenaya riayət etmək kifayətdir. Bizdə bunun üçün UAZ-da böyük su çəni quraşdırılıb. Normal yaşam üçün lazım olan hər bir şey maşınımızda var.

UAZ istirahət və yataq otağına çevrilə bilir, içəridə isə əşyaları saxlamaq üçün yer çoxdur. Mətbəx bizə, ümumiyyətlə, lazım deyil, təbii bitki məhsulları ilə qidalanmaq sağlamlığa böyük töhfə olmaqla yanaşı, həm də həyatı asanlaşdırır, prinsip etibarilə, qaz sobası, qablar, tavalara ehtiyac öz-özünə itir. Beləliklə, hər bir rahatlığımız özümüzlədir.



- Bəs özünüzü və uşağı müxtəlif virus və xəstəliklərdən necə qoruya bilirsiniz? Bunun sirri var?

Kseniya: - Bəli, var. Düzgün qidalanma, dünyaya gəldiyi ilk gündən uşağın bədənini möhkəmlətmək, idman və ailədə, ətrafdakılarla xoş münasibətlər. Lev yalnız bitki məhsulları yeyir və indiyədək onu əmizdirirəm.

Yeri gəmişkən, o, indi yemək istəyir. Bu, daha bir qaydadır – uşağa yeməyi qrafiklə yox, o özü istəyəndə vermək. Uşağın orqanizmi soyuq, isti, aclıq və toxluğu özü müəyyənləşdirməlidir.

Andrey: - Uşağın davranışına baxıb, məsələn, ona soyuq olduğunu müəyyənləşdirmək lazımdır. Onu əvvəlcədən bürümək olmaz. Belə olanda onun orqanizmi həyata uyğunlaşa bilməyəcək.

Yeməklə də eyni şeydir: "13:00 – uşağı yedirtməyin vaxtıdır” deyib, zorla mədəyə yemək göndərmək – bu, düzgün deyil. Sağlam uşağın sirri elə bundadır.

- Bura gəlməzdən qabaq Azərbaycan haqqında nə bilirdiniz?

Andrey: - Bizə həmişə deyirdilər ki, Azərbaycanın təbiəti çox gözəldir. Bilirdik ki, burada çoxlu tarixi yerlər var. Lakin bundan başqa, eşitmişdik ki, güclü polis nəzarətinə görə Bakı küçələrində hərəkət etmək mümkün deyil.

Təbiət və tarixi yerlər barədə gözləntilərimiz tam özünü doğrultsa da, güclü polis nəzarəti ilə hələlik qarşılaşmamışıq. Hərəkət etmək sərbəstdir – hətta gecə saatlarında.



Kseniya: - Bizi Azərbaycanda tanınmağa başlayanda çox təəccübləndik. Burada sizin də xidmətiniz var. Bir çoxları artıq bilirdi ki, Azərbaycana təkərli evdə səyahət edən turistlər gələcəklər.

Bizim ilk dayanma nöqtəmiz Quba şəhəri oldu. Gecə vaxtı maşını boş küçələrin birində saxladıq və yatdıq. Səhər insanların səsinə ayıldıq. Sən demə, maşını düz bazarın ortasında saxlamışıq. Ətrafda insanlar ticarət aparırdılar – kimi alma, kimi qovun satırdı.

Bizə yaxınlaşıb nə satdığımızı soruşur, biz isə gülümsəyib, bura təsadüfən düşdüyümüzü deyirdik. Ümumiyyətlə, Azərbaycanda insanlar çox mehriban və qonaqpərvərdirlər.

- Marşrutunuz haqqında danışın. Azərbaycandan sonra hara gedəcəksiniz?

Kseniya: - Plana görə, Azərbaycandan sonra Gürcüstana, sonra isə Türkiyəyə gedəcəyik. Orada, görək, necə alınacaq. İndi özümüzü heç nə ilə məhdudlaşdırmamışıq, hara istəsək, ora da səfər edəcəyik.



- Bəs səyahət üçün ailə büdcənizi necə doldurursuz?

Andrey: - Öz hesabımıza. Biznesimizi, avtomobilimizi satdıq, Həştərxanda iki mənzili kirayə verdik. Hər şey isə mənim sualımdan başladı...

Kseniya: - Ötən yayda başladı. Andrey mənə həyatımızı dəyişən bir sual verdi. O soruşdu: "Bir ildən sonra öləcəyini bilsən, nə edərdin?”

Cavab verdim ki, onu və oğlumu götürüb planetin ən gözəl yerlərinə səyahətə çıxardım. Andrey mənə dedi:

"Bəs bizə arzuladığımız kimi yaşamağa nə mane olur?!”. Bax, beləcə, mühüm və köklü bir addım atmaq qərarına gəldik.

Andrey: - Ümumiyyətlə, bizim üçün ailə və ailə dəyərləri hər şeydən üstündür. Sevgililik – bu, gəlib gedən bir hissdir. Ailə və dərin məhəbbət isə - daim öz üzərində iş, birgə aparılan bir işdir. Daim birgə həyata, bir-birini sevməyə, başa düşməyi, hörmət etməyi və birlikdə böyüməyi öyrənmək.

Biz siqaret çəkmir, içki içmir, sağlam həyat tərzi sürürük. Və buna birlikdə gəlmişik. Necə deyərlər, həyatı dəyişmək istəyirsənsə, özündən başla. İstəyirsən ki, yarın dəyişsin, özündən başla.

Kseniya: - Bilmirəm, Andreysiz həyatım necə olardı, amma əminəm ki, o, mənim bütün həyatımın kişisidir və şadam ki, tale bizi bir-birimizə bağışlayıb. Mən ailəmin yanında keçirdiyim hər günə şadam.

Bizim çox isti və gözəl münasibətlərimiz var, lakin həmişə üzərində işləməli və təkmilləşdirməli olduğumuz məsələ də mövcuddur və biz heç zaman dayanmırıq. Həyat yoldaşını hiss etmək və başa düşmək, dəstək vermək, dost olmaq və onu dəyişməyə çalışmayıb, olduğu kimi qəbul etmək çox vacibdir.

Загрузка...

Xəbər lenti