Soyuq müharibə QAYIDIR: Rusiya Kubada hərbi baza yerləşdirmək İSTƏYİR

Soyuq müharibə QAYIDIR: Rusiya Kubada hərbi baza yerləşdirmək İSTƏYİR
Donald Trampın ABŞ-ın yaxın və orta mənzili raketlərin ləğvinə dair müqavilədən çıxacağını bəyan etməsi soyuq müharibə dövrünə qayıdış kimi qiymətləndirilir.

Belə bir məqamda Rusiya da cavab addımları atacağını bəyan edir. Modern.az saytının nüfuzlu "Newsweek” nəşrinə istinadən məlumatına görə, Rusiya Kubada hərbi baza yerləşdirmək planları üzərində düşünür.

Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komitəsinin sədri, general-polkovnik Vladimir Şamanov bildirib ki, ABŞ-ın müqavilənin şərtlərini pozması mənfi mənada ciddi nəticələrə gətirib çıxaracaq. O, Rusiyanın Kubada hərbi baza yerləşdirməsinin aktuallığına da toxunub.

"Kubada hərbi mövcudluğumuzu gücləndirmək üçün Kuba hökumətinin razılığına ehtiyacımız var. Bu, daha çox siyasi məsələdir, nəinki hərbi. Belə ssenarinin qiymətləndirilməsinin aktiv mərhələsi aparılır”- Şamanov qeyd edib.

General-polkovnik bu açıqlamasını Rusiya prezidenti Vladimir Putinlə Kubanın yeni rəhbəri Migel Diaz-Kanelin görüşünə hazırlıq fonunda verib.

Moskvanın siyasəti Kubada Rusiya hərbi bazasının yaradılmasının mümkünlüyünü istisna etmir. Kubanın silahlanma üçün 50 milyon dollar kredit alacağı bildirilir.

Qeyd edək ki, 1962-ci ildə SSRİ-nin Kubada öz raketlərini yerləşdirməsi nüvə böhranına gətirib çıxarmışdı. Həmin zaman münaqişə onun sayəsində həll olundu ki, ABŞ Türkiyədən öz raketlərini çıxarmağa razılaşdı. Eyni zamanda SSRİ də Kubada silah arsenalını genişləndirmək planlarından imtina etdi.

Xatırladaq ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Загрузка...

Xəbər lenti