"Son 15 ildə 2 milyona yaxın iş yeri açılıb, əksəriyyəti də daimidir" - Deputat

AZXEBER.COM millət vəkili Aydın Hüseynovun "Sherg.az"a müsahibəsini təqdim edir:

- Bir müddət öncə "Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycandakı dayanıqlı sosial siyasi sabitliyin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə dair hesabat açıqladı. Agentliyin proqnozunu necə dəyərləndirirsiniz ?

- Beynəlxalq səviyyədə fəaliyyət göstərən mötəbər agentliklər Azərbaycanda mövcud olan proseslərə nikbin yanaşır, müsbət proqnozlar səsləndirirlər. Bu, ondan irəli gəlir ki, bir müddətdir, ölkə başçısı, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr öz bəhrəsini verir. Artıq Azərbaycanda iqtisadi dayanıqlıq təmin olunub. Bu isə aparılan islahatlar, qanunvericilik bazasının genişlənməsi, beynəlxalq təcrübənin tətbiqi və ölkədə ixracyönümlü, rəqabət qabiliyyətli məhsulların istehsal olunması istiqamətində görülən tədbirlərdən irəli gəlir. Həmçinin maliyyə bank sektorunda əldə olunan irəliləyişlər, neftin qiymətinin getdikcə yüksəlməsi də, Azərbaycan iqtisadiyyatı üçün müsbət məqamlar vəd edir. Azərbaycan tək regionda deyil, ümumilikdə Avrasiya məkanında böyük iqtisadi gücə çevrilməkdədir.

- Son bir neçə ildə qeyri-neft sektorunun inkişafı prioritet məsələlər sırasındadır. Bu sahədə nə kimi irəliləyişlər müşahidə olunur ?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın strateji Yol Xəritəsi tərtib olundu. Bu yol xəritəsində Azərbaycanda 11 sahə üzrə elmi təhlillərə söykənən proqram ortaya qoyuldu, istiqamətlər müəyyənləşdi. Bu isə artıq özünü doğruldur. Nəticədə ümumdaxili məhsulda qeyri-neft sektorunun payı daha da artır. Bununla da ölkə iqtisadiyyatının neftdən asılılığı ildən ilə azalır.

Neft bizim milli sərvətimizdir. Ölkəmizdə həyata keçirilən layihələrin təşkilində neftdən gələn gəlirlərdən istifadə edirik. Sadəcə olaraq, qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının neftdən asılılığı aradan qaldırılır, qeyri-neft sektoru inkişaf edir. Bu, mühüm iqtisadi hadisədir.

- Neftin qiymətinin bu ildən yüksəlməsi qeyri-neft sektoruna diqqəti azaldırmı?

- Neftin qiymətinin ən yüksək olduğu 2013-2014-cü illərdə belə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı konkret mükəmməl proqramlar ortaya qoyulurdu. Prezident İlham Əliyev daim qeyd edib ki, neft bizdən ötrü məqsəd deyil, vasitədir. Ona görə, bu illərdə qeyri-neft sektorunun inkişafına diqqət göstərildi. Hazırda da qeyri-neft sektorunun inkişafı dövlətin prioritet məsələsidir.

- Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrin gələcək gəlirləri ölkə iqtisadiyyatı üçün nə vəd edir?

- Cənub Qaz Dəhlizi, onun tərkibində TAP və TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu və s. layihələr Azərbaycanın digər addımlar atmasına da şərait yaratdı. Məsələn. Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması ilə bağlı konkret addımlar atılır. İnvestorların bu sahəyə marağı artdı və ölkəyə investisiya axını sürətləndi. Tranzit daşınmalardan əldə etdiyimiz gəlirlər və iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiya yatırılmasının artması ölkənin inkişafına böyük təkan verəcək.

- İqtisadiyyatdan əldə edilən gəlirlərin əhalinin sosial rifahına, problemlərin həllinə yönəlməsi dövlətin başlıca məqsədlərindən biridir. Bunun fonunda bir neçə gün öncə, ölkə başçısının təşəbbüsü ilə Qarabağ, Böyük Vətən müharibələri əlillərinə, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillər, avtomobillər verildi. Sonradan bu layihənin genişləndirilməsi üçün Prezident ayrılan vəsaitin 20 milyon manata çatdırılması barədə sərəncam imzaladı. Daha çox sosial layihənin həyata keçirilməsi üçün vacib amillər nədir?

- Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəfi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yüksəldilməsidir. Xüsusilə, sosial layihələrin genişləndirilməsi, əhalinin təqaüdlərinin artırılması, maaşların yüksəldilməsi kimi tədbirlər mütəmadi həyata keçirilir. Sosial qayğıya ehtiyacı olan təbəqənin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsəd müəyyən edilib. Ona görə, qətiyyətlə vurğulaya bilərik ki, Azərbaycan qarşısına qoyduğu sosial öhdəlikləri uğurlu şəkildə həyata keçirə bilir.

- Azərbaycan əməkhaqqının səviyyəsinə görə MDB ölkələri arasında ilk beşlikdədir. Ölkəmiz üçün orta aylıq əməkhaqqı 306,7 dollar götürülür. Bu rəqəm insanların rifah halının yaxşılaşması üçün yetərlidirmi?

- Azərbaycan inkişaf etmiş dövlətlər arasında inklüzivliyinə görə, üçüncü yeri tutur. Bu çox böyük göstəricidir. Orta aylıq əməkhaqqına görə, Azərbaycanın MDB ölkələri sırasında mövqeyi kifayət qədər yüksək göstəricidir. Ölkəmizdə yeni iş yerlərinin açılması, vətəndaşların işlə təmin olunması istiqamətində dövlət mütəmadi addımlar atılır. Son 15 ildə 2 milyona yaxın iş yeri açılıb. Bunun əksəriyyəti isə daimi iş yerləridir. Məşğulluğun lazımi səviyyədə təşkil olunması, bu sahədə atılan addımlar yüksək dəyərləndirilir.

- Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi üçün hansı addımlar atılmalıdır ?

- İş görülürsə, istiqamətlər həyata keçirilirsə, nailiyyətlərimizlə yanaşı çatışmazlıq da mövcuddur. Əsas məsələ odur ki, mövcud olan problemlər aradan qaldırılır. Qanunvericilik sahəsində boşluq varsa, yeni qanun layihələri qəbul edilir. Bütün digər sahələr də bu istiqamət üzrə inkişaf etdirilir.

Məsələn, bir neçə gün əvvəl ictimai nəqliyyatda gediş haqqı qaldırıldı. Müəyyən dairələr bunu başqa istiqamətə yozmağa çalışsa da, əsas məqsəd diqqətdən yayınmadı. Gediş haqqının yüksəlməsinin səbəbi vətəndaşlara keyfiyyətli xidmətin qısa zamanda təmin edilməsinə çalışmaqdır. Yəqin ki, müşahidə edirsiniz, bəzən deyirlər, "kaş nəqliyyat 10 qəpik baha olardı, amma rahat gedib-gələ biləydik”. Elə ictimai nəqliyyatda gediş haqqının artırılması da bu istiqamətə yönəldilib.

Загрузка...

Xəbər lenti