Prezident Könül Xasıyevanın yuxusunu ÇİN ETDİ — İLK TƏƏSSÜRAT

Prezident Könül Xasıyevanın yuxusunu ÇİN ETDİ — İLK TƏƏSSÜRAT
Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Xalq artisti Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xalq artisti bu xoş xəbəri ilk dəfə Publika.az-ın əməkdaşından eşidib.

Sevincini gizlədə bilməyən sənətkar göz yaşlarını qərq olub. Xalq artisti bu xəbərin onun üçün gözlənilməz olduğunu bildirib:

"Sənətimə yüksək qiymət verdiyinə görə muğamsevər xalqımızın, özümün və ailəmin adından cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu, tək mənə yox, Azərbaycan musiqisinə və muğamına verilən dəyərdir.

İlk xəbər sizdən gəldi, həqiqətən çox həyəcanlıyam. Hər xanəndə onun yaradıcılığına dəyər verilməsini öz içində gözləyir, amma heç gözləmirdim. Axşam yuxuda kağız pul görmüşdüm, durub evdəkilərə danışdım. Dedilər ki, yuxuda dəmir pul görmək yaxşı deyil, kağız pul isə şad xəbər alacağına işarədir. Özüm də internetdən yuxu yozumlarına baxdım. Yazılmışdı ki, yuxuda kağız pul görmək yaxşı səs deməkdir. İlk müjdəni də sizdən aldım. İndi də telefonuma dayanmadan təbriklər gəlir”.

Xanəndə daha sonra səhhəti haqqında da məlumat verib:

"Mənim də, oğlum Kazımın da müalicələri davam edir. Şükürlər olsun ki, əlim, ayağım, nitqim və səsim açılıb. Pərvin həkim başda olmaqla Respublika Diaqnostik Müalicəvi Xəstəxanasının Fizioterapiya şöbəsinin bütün həkim kollektivinə öz təşəkkürümü bildirirəm. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da öz təşəkkürümü bildirirəm ki, sənət adamlarından öz qayğısını və dəstəyini əsirgəmir. Bizi bu günə qədər dualarında yaşadan xalqımızın da qarşısında baş əyirəm”.

Qeyd edək ki, K.Xasıyeva uzun zamandır onurğa iflicindən əziyyət çəkir.

Xəbər lenti