Neftin qiyməti ilə bağlı proqnozlar: Azərbaycan “qara qızıl”dan asılılığı azalda biləcəkmi?

Neftin qiyməti ilə bağlı proqnozlar: Azərbaycan “qara qızıl”dan asılılığı azalda biləcəkmi?
Neftin qiyməti Azərbaycan üçün riskli həddədir.

Belə ki, "qara qızıl”ın bir neçə dollar ucuzlaşması hökumətin dövlət büdcəsində proqnozlaşdırdığı 60 dollarlıq qiymətdən aşağı düşmüş olacaq ki, bu da uzunmüddətli dövrdə büdcə xərclərinin formalaşmasında problem yarada bilər. Dünya birjalarından gələn son xəbərə görə, neftin qiyməti bir qədər bahalaşıb.

Londonun ICE birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar bahalaşaraq 60,41 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar artaraq 56,34 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin qiyməti isə bir barel üçün 62,64 dollar təşkil edir.

Bəs, qarşıdakı dövr üçün neft proqnozları necədir və Azərbaycana təsirləri necə olacaq?

Mövzunu Musavat.com üçün şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, bazarlara yönəlik siqnallar, bəyanatlar gah ümidverici , gah da bədbin olur və buna uyğun olaraq da qiymətlər bir qədər azalıb-artır: "Neftin qiymətinin 60 dollar ətrafında olacağı ilə bağlı proqnozlar da bəzən özünü doğrultmur. Reallıq bundan ibarətdir ki, avqust ayının birinci həftəsindən etibarən neftin qiyməti 60 dollardan aşağıdır. Bu da Çinlə ABŞ arasında mütəmadi olaraq neqativ fonda ticarət əlaqələrinə zərər gətirəcək, dünya iqtisadiyyatında artım tempini zəiflədəcək addımların bol olmasından meydana gəlir. Bu da müəyyən korrektələrə gətirib çıxarır. Əgər əvvəllər "Brent” markalı neftin qiymətinin 65-67 dollar ətrafında dəyişməsi müşahidə edilirdisə, indi bu qiymət müxtəlif investisiya bankları, agentliklər tərəfindən 63-65 dollar kimi proqnozlaşdırırlar. Ancaq 7 ayın yekunlarına görə, "Brent” markalı neftin qiyməti 65 dollardan bir qədər yüksək olub”.

Neft qiymətlərinin Azərbaycana təsirinə gəlincə, ekspert bildirdi ki, neftdən gəlirlərindən və idxaldan asılılıq ölkənin əsas problemi olaraq qalmaqdadır: "20 ildən artıqdır ki, enerji daşıyıcıları Azərbaycanın ixracının 90 faizdən artığını təşkil edir. İllərdir ki, bu rəqəm dəyişmir. Ona görə də, neftin qiyməti nə qədər bahadırsa, Azərbaycan üçün bir o qədər yaxşıdır. Ölkənin gəlirləri artır. Digər tərəfdən Dövlət Statistika Komitəsinin açıqladığı 6 ayın yekunlarına görə, Azərbaycanın idxalı 7 milyard dollardan artıq olub. Ötən ilin yekunlarına görə isə bu rəqəm 11 milyard dollar idi. Bundan öncəki 8 il müddətində isə faktiki olaraq, 8,5-9 milyard arasında dəyişib. Doğrudur, bu zaman deyilə bilər ki, əvvəlki illərlə müqayisədə idxalda elə bir artım olmayıb, sadəcə bu prosesi dövlət leqallaşdırdığı üçün statistik rəqəmlə böyüyüb. 204, 2015, hətta 2016 və 2017-ci illərdə Azərbaycanın ixracı faktiki olaraq defisit olub, arada cəmi 1 milyard dollar fərq olub. Yəni, reallıqda Azərbaycan profisiti defisitdə olub. Kiçik bir ölkə üçün bu qədər idxal həddindən artıq çoxdur”.

İqtisadçı istehsalın artmasına baxmayaraq, yerli məhsulların bahalaşmasını da tənqid etdi: "Rusiya hökumətinin 2014-cü ildən bu yana tətbiq etdiyi siyasətə baxsaq, orada idxalın əvəzlənməsi siyasəti həyata keçirilir. Ötən 4 ildə bu ölkədə nəticələri istədikləri kimi olmasa belə , idxalın həcmi aşağı düşür. Bizdə isə o qədər neft vəsaitlərini qeyri-neft sektoruna yönəltdiyimiz halda, "Made in Azerbaijan” markalı məhsulların hamısının qiyməti artıb. Bu da Azərbaycan məhsullarının rəqabətə davamlılığının nə qədər aşağı olmasının göstəricisidir. Bu da ölkənin neft sektoruna bağlılığının təzahürüdür. Ona görə də, neftin qiyməti nə qədər yüksək olarsa, hökumət ondan yararlanır”.

loading...

Xəbər lenti