"Müəllim yana-yana qapını açaraq..." - Samuxdakı hadisənin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Samux rayon Qovlarsari kənd sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

unikal.org hadisənin təfərrüatlarını öyrənib.

Belə ki, kənd sakini 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov yaşadığı mənzildə yanıb. Hadisə şahidləri əraziyə gələndə evin həyətində olan boş su hovuzunda və onun ətrafında yanmış yerlərin olduğunu görüblər. 77 yaşlı kişi yana-yana qapını açaraq küçəyə çıxıb. Həmin vaxt mənzildə heç kim olmayıb. Sonra qışqıraraq qonşulardan kömək istəyib. Səsə gələn qonşular onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparıblar.

Xəstəxanaya yerləşdirilən Həsən Yusifovun yanıq xəsarətlərinin ağır olduğu bildirilir. Əldə etdiyimiz məlumata görə o, Kənd Təsərrüfatı Universitetində bitkiçilik üzrə müəllim işləyirmiş, elmi dərəcəsi var. Həsən Yusifovun problemli ailə olduğu bildirilir. Hətta o həyat yoldaşından ayrılmaq üçün Samux Rayon məhkəməsinə müraciət edibmiş. Qonşuların verdiyi məlumata görə, o həyat yoldaşı ilə tez-tez dalaşırmış. Onların birgə nigahdan 4 övladları var və hamısı ailəlidirlər. Həsən Yusifovun buna görə də həyat yoldaşından ayrı yaşadığı bildirilir. H.Yusifovun xəstə olan həyat yoldaşı isə Gəncədə oğlunun evində yaşayır.

Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır. Hadisənin intihara cəhd və ya cinayət olduğu dəqiq bilinmir.

Xəbər lenti