Milli ənənələrin yaşadilmasi sağlam gələcəyin təməlidir

Milli ənənələrin yaşadilmasi sağlam gələcəyin təməlidir
Azərbaycanda elmi-texniki tərəqqiyə nail olunduqca milli-mənəvi dəyərlərə olan ehtiyac və tələbat da artır. Yaşlı nəslə, ana və atalarımızın, nənə və babalarımızın simasında ahıl insanlara olan münasibətimiz, göstərdiyimiz qayğı və bəslədiyimiz hörmət təkcə lokal xarakter daşımamalı, eləcə də bütün cəmiyyətə sirayət etməlidir. 

Bu sahədə fəaliyyəti və həyata keçirdiyi layihələrlə artıq kifayət qədər nüfuz qazanan "Üçüncü Bahar” təşəbbüs qrupu bu günlərdə yeni layihəsini təqdim etdi. 
"Sənətkar” adlanan bu yeni layihə təqaüd yaşına çatmış yaşlı nəslin asudə vaxtının səmərəli təşkili, mədəni və irsi dəyərlərimizin yenidən canlandırılması, yaşlı nəslin cavanlara verə biləcəyi töhfələrin cəmiyyətə çatdırılması, dəyərli müdriklərimiz və ziyalılarımızın bir arada toplanması və həyat təcrübələri ilə bölüşmələri məqsədi daşıyır. 

Tədbiri giriş sözü ilə açan "Sənətkar” layihəsinin rəhbəri, teatrşünas Mirələskər Aslanov sözü gedən tədbirin möhtəşəm və məzmununa görə olduqca mühüm olduğunu bildirdi. O, qeyd etdi ki, ahılların sosial müdafiəsi və layiqli həyat şəraitinin təmin olunması ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir və hər bir vətəndaşın borcu bilik və bacarıqları çərçivəsində həmin siyasətə dəstək olmaqdır. Ötən dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları, 2004-cü ildə təsdiq edilmiş "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı", 2006-cı ildə təsdiq edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" və digər sənədlər əsasında aparılan işlər, icra olunan mühüm sosial proqramlar ahıl vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin olunmasına imkan verib. Bunu rəhbər tutaraq 2017-ci ilin fevral ayından etibarən "Üçüncü Bahar” adlı təşəbbüs qrupu fəaliyyətə başlamışdır. Təşəbbüs qrupu təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir mərkəzdə toplamağı nəzərdə tutulur. İlkin mərhələdə daxili imkanlar çərçivəsində təqaüdçüləri toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə bir sıra müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir. Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində il ərzində 30-dan çox müxtəlif məzmunlu tədbirlər təşkil edilmişdir. Hazırda təqaüdçü bazada 500-ə yaxın üzv var. Tədbirlərdə 40-50 nəfər eyni zamanda iştirak edir. 

M. Aslanov vurğuladı ki, budəfəki tədbir özəldir, çünki Üçüncü Baharın "Sənətkar” layihəsi ilk dəfədir ki, təqdim edilir və yeni layihənin ilk qonağı Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, dosent Həmidə xanım Ömərovadır. 
Gurultulu alqışlarla H. Ömərova səhnəyə dəvət olundu. Öncə sənətkarın həyat və yaradıcılığını əks etdirən kinoxronika nümayiş etdirildi, daha sonra isə qonaq həyatının ən incə məqamları ilə bölüşdü. Həmidə xanımın auditoriya tərəfindən maraqla qarşılanan söhbətləri, interaktiv şəkildə, çox məzmunlu və təsirli sual-cavabla davam etdi. Tədbirin sonunda qonağa "Üçüncü bahar” təşəbbüs qrupunun təsisçiləri tərəfindən hədiyyə təqdim olundu və xatirə şəkilləri çəkdirildi.
Qeyd edək ki, "Üçüncü bahar” təşəbbüs qrupunun təsisçiləri gənc və işgüzar xanımlar Natəvan Yusifova və Nərmin Qaniyevadır.


Xəbər lenti