“Məqsədli şəkildə edilir ki, hər şey unudulsun” – AFFA onları bu şərəfə layiq görmür?

“Məqsədli şəkildə edilir ki, hər şey unudulsun” – AFFA onları bu şərəfə layiq görmür?
Bu günlərdə Portuqaliyanın "Sportinq” klubu "Joze Alvalade” stadionuna sabiq futbolçuları Kriştianu Ronaldonun adını vermək niyyətində olduğunu açıqlayıb. Ümumiyyətlə, dünya praktikasında stadionlara tanınmış məşqçilərin, futbolçuların, hakimlərin adınının verildiyi müşahidə olunur. 
Ancaq Azərbaycanda həmin kateqoriyaya aid edilən stadionlar bir əlin barmağı ilə sayılacaq qədər azdır. Nümunə olaraq əvvəllər tikilmiş Tofiq Bəhramov adına Respublika stadionunu və Masallıda olan Anatoli Banişevski adına stadionu göstərmək olar. Amma Banişevski adına stadion artıq o vəziyyətdədir ki, əhali oranı mal-qrasının otlağı kimi istifadə edir. Sual yaranır ki, bəs o əjdahadan bizdə niyə yoxdur? AFFA yeni Ronaldolar, Messilərmi gözləyir? Bizdəkilər bu şərəfə layiq deyillərmi?

Respondetimiz Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov "Yeni Sabah”a açıqlamasında bu məsələyə münasibət bildirib. O, stadionlarımıza dahi futbol simalarının adının verilməməsinin məqsədyönlü aparıldığını deyib:

"Nazim Süleymanovdan qabaq dahi futbolçularımız və hakimlərimiz olub. Ona görə də mənə elə gəlir ki, mənim üçün hələ tezdir. Amma bizim Tofiq Bəhramov adına stadionumuz var. Dünya səviyyəli hakimimizdir. Bütün dünya Tofiq Bəhramov deyəndə Azərbaycan deyir. Belə insanları biz heç vaxt yaddan çıxartmamalıyıq. Sevindim ki, onun adına hətta turnir keçiriləcək. Hər il belə şəxslər adına turnirlər keçirilməlidir. 

Biz Eldar Əzimzadəni yaddan çıxartmamalıyıq. Stadionlar Eldar Əzimzadə, Banişevski kimi şəxslərin adına olsa, bu daha yaxşı olar. Verilməməsinin səbəbinə qaldıqda isə onlar yəqin nəsə düşünür ki, belə qərarlar verir. Demək istəyirlər ki, biz belə düşünürük, bizim fikrimiz belədir də. Bilirsiniz, deyəsən tarix boyu çox şey məqsədli şəkildə edilir ki, hər şey yaddan çıxsın. Əgər biz keçmişimizi yaddan çıxaracağıqsa, gələcək nəsil də bizi yaddan çıxaracaq”.

AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov isə saytımıza açıqlamasında bu məsələnin komitənin gündəliyində müzakirə mövzusu olduğunu bildirib:

"Onu deyə bilərəm ki, bu istiqamətdə müzakirələr həmişə gedir. Bizim hansısa məşhur futbol simamız hansısa stadionun adını daşıya bilər. Bir  də qeyd etməliyik ki, AFFA son zamanlar stadionların tikilməsinə maraq, diqqət ayırır.  Dediyim kimi bu məsələ gündəmdədir. Ola bilsin ki, yeni yaradılan stadiona hansısa futbol simamızın adı verilsin, ola bilər digər stadionlarımıza. Və bir də uşaqlar arasında keçirilən yarışlara da məşhur futbolçunun adının verilməsi də düşünülür. İnşallah, istədiyimiz reallaşmağa yaxındır”.

loading...

Xəbər lenti