"Kinostudiyanın həyətindən üç maşın zibil çıxarılıb" — Direktordan Rasim Balayevə CAVAB

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xalq artisti, məşhur kinoaktyor Rasim Balayevin "Heydər Əliyevin "Nəsimi” filmi üçün aldırdığı xalçaları oğurlamışdılar" ittihamını cavablandırıb.
Hətəmov "Ölkə.Az"a açıqlamasında bildirib ki, 90-cı illərdə kinostudiyada xaos hökm sürdüyündən bu kimi hallar baş verib:

"Dağınıqlıq dövründən sonra-Xamis Muradovun vaxtında bütün əşyalar, geyimlər, rekvizitlər aktlaşdırılmışdı. Hazırda kinostudiyada xeyli geyim, silah, əşya saxlanılır. Ancaq orada filmlərin adıyla yazılmır ki, bu filan filmdəki əşyalardır. Yalnız geyimlərin üzərinə qeyd edilir ki, filan filmdəki geyimlərdir. Digər əşyalar sayla yazılır. Həmin əşyaların xüsusiyyətləri var. 

Ola bilər ki, "Babək" filmindəki hansısa geyim vaxtı keçdiyi üçün korlansın. Bu da aktla siyahıdan çıxarıla bilər. Yaxud da həmin geyim filmin çəkilişindən qısa müddət sonra yoxa çıxıb. 90-cı illərin əvvəlində kinostudiyada çox böyük dağınıqlıq hökm sürüb. Xamis Muradovun dövründə kinostudiyanın həyətindən üç maşın zibil çıxarılıb. 90-cı illər ən böyük zərbəsini Azərbaycan kinosuna vurmuşdu".
M.Hətəmov bildirib ki, kinostudiyada hansısa qüsurların olması normaldır:

"İndi isə bütün əşyalar, geyimlər kodlaşdırılıb. Bəzən vəziyyəti düzgün qiymətləndirə bilmədiyimizə görə doğru fikirlər səsləndirmirik. Orada hansısa məmurun, hansısa işçinin səhvi ola bilər. Kinostudiyada qüsurlar həmişə olub və olacaq da. Ancaq orada işləyən insanlar ən böyük vəsait tələb edən sahəni uzun müddət vəsaitsiz qoruyub saxlaya biliblər".

Qeyd edək ki, R.Balayev "Ölkə.Az"a açıqlamasında "Nəsimi" filmi üçün alınmış on ədəd xalçanın sonradan yoxa çıxdığını bildirmişdi:
"Bir dəfə kinostudiyaya getdim, məni ağlamaq tutdu. Baxırsan ki pencəkdir, amma kürəyi yoxdur, güvə yeyib. Bir neçə il baxımsız qaldığına görə hamısı məhv oldu. Orada bahalı gəbələr var idi. Oğurladılar, yerinə şəlpə qoydular. "Nəsimi" filmi üçün on ədəd xalça alınmışdı. Rəhmətlik Heydər Əliyev həmin xalçalara böyük pul ayırmışdı. Çox bahalı xalçalardı. O vaxt elə xalça tapılmırdı".

Xəbər lenti