Keçmiş MTN zabitimiz İRANIN CASUS XƏBƏRİNƏ İNANMIR - "Heç, SSRİ ABŞ-ın 17 casusunu tuta bilmədi..."

Keçmiş MTN zabitimiz İRANIN CASUS XƏBƏRİNƏ İNANMIR -
İnformasiya mübadiləsi istiqamətində görülən işlər öz kritik nöqtəsinə çatıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl  Redaktor.az-a açıqlamasında İran kəşfiyyatının bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 agentini ələ keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İ. İsmayıl hesab edir ki, bu xəbər ABŞ-la aparılan informasiya savaşında görüntü xətrinə yayılıb:

"İran kəşfiyyatının bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 agentini ələ keçirməsi ilə bağlı yayılan xəbərlər ABŞ və İran arasında olan informasiya müharibəsinin gərgin bir həddə olmasının nəticəsidir. Mərkəzi Kəşfiyyat İdarəsi yarandığı gündən bu günə qədər hələ heç bir ölkə onun bu sayda casusunu ələ keçirməyib. Hətta zamanında sovet hökuməti belə MKİ-nin 17  məxfi əməkdaşını birdən-birə ifşa edə bilməyib. Çünki MKİ kifayət qədər professional qurumdur. Bu qurumun nəinki 17, hətta bir əməkdaşını belə tapmaq olduqca çətindir. Bu, sözün həqiqi mənasında, İranın son aylarda düşən nüfuzunu bərpa etmək cəhdidir”.

İ. İsmayıl qeyd edib ki, 1979-cu ildən İran-ABŞ münasibətləri gərgindir:

"Barak Obamadan fərqli olaraq, Donald Trampın ABŞ prezidentliyi dövründə münasibətlər daha da kəskinləşib. İş o həddə çatıb ki, Hörmüz körfəzində qarşıdurmalar yaranır. Son yayılan xəbərlər İranın öz vətəndaşları qarşısında dövlətinin nüfuzunu, qürurunu qorumaq üçün atdığı addımlardır. Xüsusilə də Ermənistan ərazisindən yayılan videosüjetlərdə 17 nəfərin ifşa olunması ilə bağlı görüntülər həqiqətə uyğun deyil. Ola bilsin ki, İran kəşfiyyat idarəsi bu 17 nəfərdən şübhələnib. Amma şübhələnmək o şəxslərin hələ MKİ-nin məxfi əməkdaşı olması anlamına gəlmir. Çünki MKİ-yə işləyən şəxslərin kimliyini təsdiq etmək olduqca çətin məsələdir. Buna sübutlar lazımdır. O sübutlar, dəlillər isə hələ ortada yoxdur. ABŞ-da da bu məsələ çox istehza ilə qarşılanır. Bu, ABŞ-la İran arasında olan gərginlikdə İranın informasiya müharibəsinə olan töhfəsidir”.

İ. İsmayıl vurğulayıb ki, ABŞ-ın casus şəbəkəsi çox böyükdür:

"ABŞ MKİ-yə Azərbaycanın büdcəsindən çox pul ayırır. Çünki informasiya ilə həm dünya idarə olunur, həm də informasiya təhlükəsizliyi qorunur. ABŞ-ın kəşfiyyat idarəsinin metod və vasitələri kifayət qədər güclüdür və ələ keçirilməsi çox çətindir. İranın da Xüsusi Xidmət Orqanlarının əks-kəşfiyyatı – ETTELAAT da olduqca professional təşkilatdır. İran Xüsusi xidmət orqanları ideoloji cəhətdən kifayət qədər güclüdür. Azərbaycan da bunu öz üzərində zaman-zaman hiss edir. Zamanında işləyəndə də İranın xüsusi xidmət orqanlarının fəaliyyəti barədə məlumatlı idim. Heç cür fikirləşməyək ki, onların kəşfiyyatı, əks-kəşfiyyatı zəifdir. Ancaq çox təəssüf ki, İranın kəşfiyyatı və əks kəşfiyyatı terroru dəstəkləyən, birbaşa da olmasa, dolayı yolla terror təşkilatları ilə əlaqələr quran xüsusi xidmət orqanıdır. İranın potensialını zəif hesab etmək olmaz”.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev də mövzu ilə bağlı saytımıza açıqlama verib:

Politoloq hesab edir ki, hər bir dövlət öz maraqlarını təmin etmək üçün casuslardan da istifadə edir:

"Lakin İran kəşfiyyatının MKİ-nin 17 əməkdaşını ələ keçirməsi o qədər də inandırıcı görünmür. Hər bir dövlətin  səfirliklər, QHT-lər, hərbi attaşelər səviyyəsində işləyən agentləri, kəşfiyyatçıları var. Yəni hər bir dövlətin kəşfiyyat və əks kəşfiyyat strukturları fəaliyyət göstərir. Son vaxtlar cərəyan edən proseslər və tətbiq olunan sanksiyalar nəticəsində İran və ABŞ arasındakı gərginlik özünü daha qabarıq şəkildə göstərməkdədir. İranla ABŞ arasında proseslərin gərginləşməsi fonunda kəşfiyyatla bağlı görülən işlərə də diqqət artıb, məlumat mübadilələri daha da çoxalıb. Xüsusi xidmət orqanları İranda ABŞ-a lazım olan məlumatları toplayırlar”.

Polkovnik bildirib ki, ABŞ-ın leqal və qeyri-leqal kəşfiyyat işini aparan əməkdaşları var:

"Leqal kəşfiyyat əməkdaşları qanuni səviyyədə təmsil olunduqları ölkələrdə öz işlərini görür, məlumatları toplayırlar. Qeyri-leqal kəşfiyyat əməkdaşları isə məxfilik qaydalarına ciddi riayət etməklə, məlumatları toplamağa çalışırlar. Məhz bu məsələnin qabardılması kimin-kimə daha çox güc gələ biləcəyi ilə bağlı olan məsələlərdir”.

A.Nağıyev vurğulayıb ki, yayılan informasiyalarda casusların Ermənistan ərazisindən izlənməsi məsələsinin qabardılması da bu ölkəyə diqqəti daha da artıra bilər:

"Çünki Ermənistan İrana daha yaxındır və ABŞ-ın ən böyük səfirliyi məhz bu ölkənin ərazisindədir. Digər tərəfdən, Ermənistan Rusiyanın inhisarında olduğundan və bu ərazidə Rusiyanın hərbi bazalarının mövcudluğu bu ölkəyə marağı daha da çox edir. ABŞ-ın kəşfiyyat işlərini bu ərazidən həyata keçirdiyini iddia edirlər”.   

Xatirladaq ki, İran kəşfiyyatı bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 agentini yaxaladığını elan edib. İyulun 21-də İran rəsmi KİV-ləri agentlərin yaxalanması əməliyyatına dair vidosüjeti nümayiş etdirib və kadrlara əsasən agentlərin bir qisminin izlənilməsi Ermənistan ərazisində həyata keçirilib.

loading...

Xəbər lenti