İsveçdə avtobus sürən azərbaycanlı qadın: "Yaxşı maaş olsa, gələrəm"

İsveçdə avtobus sürən azərbaycanlı qadın:
Azərbaycanda tez-tez baş verən avtobus qəzaları və bu yaxınlarda "Xaliq Faiqoğlu" MMC-nin ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət etməsi məni İsveçdə avtobus sürücüsü işləyən azərbaycanlı xanımla söhbətə həvəsləndirdi.
İsveçin Statistika Bürosunun məlumatına görə, ölkədəki qadın avtobus sürücülərinin sayı 18%-dir. Azərbaycanda isə qadın avtobus sürücülərinin sayı çox az, barmaqla sayıla biləcək qədərdir. Buna görə də, söhbətimizin maraqlı olacağına ümid edirəm.

Elnarə Kərimxanova 2000-ci ildən İsveçdə, Göteborg şəhərində yaşayır. İki oğlu var. Avtobus sürücüsü işləməzdən qabaq ”Färdtjänst” (ehtiyacı olan şəxslər üçün özəl nəqliyyat xidməti) sürürdü. 

- Niyə sürücü işləmək qərarına gəldiniz?

- Əslində mənim həmişə maşınlara və maşın sürməyə marağım olub. Özgüvənim yüksəkdir və buna görə də həmişə istədiyimi əldə etmişəm. Ehtiyacı olanlara xidmət etmək məni qürurlandırır. May ayından avtobus sürücüsü işləmək üçün tələb olunan 13 həftəlik kursu bitirib, işə başladım. 

- Kursa qəbul qaydaları necədir? Təlim müddətində nələr öyrəndiniz?

- Birinci kursa qəbul olunmaq üçün 3 testdən keçirsən, keçə bildinsə, avtobus şirkətinin hesabına 11 həftəlik kurs keçirsən. Kursu bitirdiksən sonra səni işə qəbul edirlər. 

Təlim zamanı öyrəndiyimiz əsas qaydalardan biri insanlarla davranmaqdır. Bizə deyirdilər ki, hər zaman özünü sərnişinlərin yerinə qoymaq lazımdır. Mən psixologiyanı oxumuşam və ona görə də insanlarla necə davranmaq lazım olduğunu bilirəm. Eləcə də hansı təhlükələrə hazır olmaq lazım olduğunu öyrədirlər. Məsələn, yanğın olsa, nə etməliyik? İlk yardımı necə yardımı göstərməliyik? Bəzi insanların xəstəliyi gizli olur, onlara necə kömək etmək mümkündür? 

Əslində bu iş rahatdır, amma eyni zamanda məsuliyyətlidir, çünki biz insanları mənzil başına çatdırmalıyıq. İşimdən də çox məmnunam. Düzdür, iş saatları biraz fərqli olsa da, onun da çarəsi var.

- Səhərlər işə başlamamışdan öncə hər hansısa yoxlamalardan keçirsinizmi?

- Avtobusu yoxlayırıq, amma biz sürücülər bunu sadəcə üzdən edirik. Daxili və tam yoxlama işini gecə servisdə çalışanlar həyata keçirirlər. Demək istədiyim vacib bir şey var. Biz saatlarımızdan artıq işləyə bilmərik, yenidən işləmək üçün ən az 9 saat istirahət etməliyik. Yəni, gündə ən çox 10 saat işləyə bilərəm.

Bütün avtobuslar alkotesterə bağlıdır. İşə başlamazdan öncə o cihaza üfürməliyik. Əgər nəfəsdə alkoqol izi varsa, avtobus işləmir. Buna nəzarət çox güclüdür. Hərdən polis xəbərsiz saxlayır və yoxlayır. Bunu da hər bir sürücü bilir ki, qarşıda səni polis saxlaya bilər.

- Bakıda avtobus sürmək istəyərsinizmi?

- Bu yaxınlarda oxudum ki, Bakıda qadın sürücülər axtarırlar. Yaxşı maaş olsa, gedərəm.

Загрузка...

Xəbər lenti