Deputat 200 manatlıq əskinasın "Ebay"da satışa çıxarılmasına aydınlıq gətirdi

Deputat 200 manatlıq əskinasın
"200 manatlıq əskinaslar onlayn alış-verişdə numizmatik material kimi satışa çıxarılıb".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev "Ebay" onlayn alış-veriş saytında 200 manatlıq əskinasın 190 dollara satılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, qanuna əsasən, dövriyyədən çıxmış əskinasları və metal pulları satmaq mümkündür, yəni həmin pullar hansısa ölkədə tədavüldə tətbiq olunmur.

R. Quliyev diqqətə çatdırıb ki, internetdə satışa çıxarılmış bu pulları daha çox kolleksiya yığanlar alır: "Bu baxımdan 200 manatlıq əskinasın "Ebay"da satışa çıxarılmasına bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Çünki 200 manatın satış qiyməti məzənnə baxımından normal deyil. Belə ki, ölkəmizdə 1 dolların məzənnəsi 1,7000 manat civarındadır".

Millət vəkili hesab edir ki, bunu kolleksiyaçılar üçün xüsusi sayt hesab etmək mümkündür: "Fikrimcə, onların saytda satışa çıxara biləyəcəyi 200 manatlıq əskinasların sayı çox deyil. Yeri gəlmişkən saytda təkcə Azərbaycanın deyil, digər ölkələrin də pul vahidləri satılır. Aralarında Rusiyanın yeni 200 manatlıq əskinasları da olmalıdır".

O vurğulayıb ki, bu, biznesin bir növüdür: "Bu biznesin nə qədər qanuni olub-olmadığına gəlincə, satışa pulu çıxaran sayt hansı ölkədə qeydiyyatdan keçibsə, yaxud sövdələşmə hansı ölkədə baş tutursa, o ölkənin də müvafiq qurumlarına qanun əsasında cavab verilməlidir".

Deputat 200 manatlıq əskinasın Azərbaycandan aparıla biləcəyini də istisna etməyib: "Mərkəzi Bank pulların emisiyasını sifariş verdikdən sonra 200 manatlıq banknotlar buradan aparıla bilər. Hazırda o pullar saytda manatın rəsmi məzənnəsindən xeyli yüksək qiymətə satılır. Azərbaycandan da həmin pulları sifariş etmək də olar. Əgər 200 manatlıq əskinaslar aşağı məzənnə və kütləvi şəkildə satılsaydı, bu, problem yarada bilərdi. Buradan xeyli sayda 200 manatlıq əskinas sifariş vermək pulu sayta çıxaranlar üçün problem yaradar, çünki onlarda xeyli sayda 200 manatlıq əskinas yoxdur. Əgər 200 manatlıq banknot Mərkəzi Bankın rəsmi məzənnəsindən aşağı qiymətə satılsaydı, bu, ölkə üçüm problem olardı. Bu, kənardan Mərkəzi Bankın siyasətinə qarışmaq anlamına gələrdi. Buna valyuta intervensiyası deyirlər".

R. Quliyev əlavə edib ki həmin əskinaslar ölkədə tədavülə buraxıldıqdan sonra onları saytda heç kim almayacaq: "İndiki halda xaricdəki kolleksiyaçı 200 manatlıq əskinası ya bankdan sifariş edə, ya da saytdan bu cür formada ala bilər".

Xatırladaq ki, çinlilər Azərbaycanın yeni 200 manatlıq əskinaslarını "Ebay" onlayn alış-veriş saytında satışa çıxarıblar. Onlar 190 dollara 200 manatlıq əskinası Çindən istənilən ölkəyə göndərməyi təklif edirlər.
Elanı sayta "asianbanknotes" şirkəti yerləşdirib.
Загрузка...

Xəbər lenti