Azərbaycan qazı bazara girdi, “Qazprom” öz-özünə qaz satmağa başladı

Azərbaycan qazı bazara girdi, “Qazprom” öz-özünə qaz satmağa başladı
Avropa bazarında Rusiya qazına tələbatın kəskin azalması qeydə alınıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu ilin birinci yarısının yekunlarına görə Avropaya Rusiya qazının təchizatı 8.9 faiz aşağı düşüb. Avqust ayının əvvəllərindən başlayaraq isə tələbatın azalması daha da sürətlənib, aylıq göstəricilər üzrə 22 faizə çatıb.

Tələbatın azalması nəticəsində qaz hablarında topdansatış qiyməti də aşağı düşüb, nəticədə "Qazprom”un gəlirlərində ciddi azalma müşahidə olunmaqdadır. Belə vəziyyədə "Qazprom”un köməyinə "sirli müştəri” gəlib-həmin müştəri şirkətdən 1 milyard kubmetr qaz alıb.

"İnterfaks” bildirir ki, "Qazprom” öz statistikasına 1 milyard kubmetr qazın satışını daxil etsə də heç bir boru kəməri operatoru həmin qazın nəqlini qeydə almayıb. Qaz sahəsindəki mənbələrdən məlum olub ki, əslində alıcı "Qazprom”un törəməsi olan "Qazprombank”dır. Bankın səhmlərinin 35 faizinə birbaşa "Qazprom”a, 47 faizinə isə dolayısı ilə-"Qazfond” pensiya fondu vasitəsilə nəzarət edir.

Bəs bu sövdələşmənin, yəni "Qazprom”un faktiki öz-özünə qaz satmasının mənası nədir? Mənbələr deyirlər ki, şirkət bununla qaz ixracına dair aylıq qrafiki stabil saxlamağa çalışır.

Şirkət ötən il də belə praktikaya əl atıb. "Qazprom” Avropaya 200 milyard kubmetr qaz satmağı planlaşdırsa da ilin sonuna qədər 196.8 milyard sata bilib. Nəticədə şirkət planı təmin etmək üçün 4.9 milyard kubmetr qazı öz törəmə şirkəti "Gazprom Marketing Trading” ə satıb.

Bu il də "Qazprom”un Avropadakı müştəriləri tələbi azaldıblar. Habelə "Qazprom” Türkiyə bazarında da geriləyib. TANAP qaz kəməri işə düşəndən sonra Türkiyə Rusiya qazının üçdə birindən imtina edib. Çünki TANAP-la nəql olunan Azərbaycan qazını almaq daha ucuz başa gəlir. İlin 6 ayı ərzində "Qazprom” Türkiyədə cəmi 8.1 milyard kubmetr qaz sata bilib. Ötən ilin həmin dövründə isə bu rəqəm 12.7 milyard kubmetr olmuşdu.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi tam həcmdə gələn il işə düşməlidir. TAP kəməri artıq TANAP-a qaynaq edilib və Azərbaycan qazının ilk partiyası Avropa bazarına gələn il daxil olacaq. Bu dəhlizlə ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropa bazarına çıxarılacağı nəzərdə tutulur.

loading...

Xəbər lenti