Azərbaycan mədəniyyətinin incisi - "Qanun naminə" çalışan "Mehman"

Azərbaycan mədəniyyətinin incisi -
Kinomanlar bu filmi "Mehman" adı ilə tanıyırlar. 1968-ci ildə ekranlara "Qanun naminə" adı ilə çıxan "Azərbaycanin kino incilərindən" rubrikamızın bu dəfəki qəhrəmanı o vaxta qədər yalnız sənədli filmlər rejissoru kimi tanınan Muxtar Dadaşovun (1913-1998) bədii kinoda ilk işi olan Süleyman Rəhimovun (1900-1983) "Mehman" povestinin (1944) motivləri əsasında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş kinolentdir. Azərbaycan SSR-in xalq artisti Muxtar Dadaşov çoxlu sayda tarixi-sənədli filmləri və "Qanun naminə" ekran əsərindən başqa 1974-cü iləd çəkdiyi "Bakıda küləklər əsir" tammetrajlı bədii filmi ilə kino tariximizdə öz izini qoyub.

Həqiqətimizin filmi

Düşünürəm ki, filmin adının məhz "Qanun naminə" olmasında çox böyük qanunauyğunluq naminə qəbul edilmiş qərar sezilir - filmin müəllifləri kino əsərini ədəbi əsər kimi "Mehman" da adlandıra bilərdilər. Amma bu zaman "ən kütləvi sənət növü"nün yeni nümunəsinin qəhrəmanı məhz və yalnız Mehman adlı dürüst, mərd, açıq fikirli bir gənc prokuror olacaqdı. Başqa sözlə, mahiyyət, ideya, hədəf xüsusiləşəcəkdi. "Qanun naminə" söz birləşməsi tamam başqa yükə, ayrı çəkiyə, fərqli təqdimata malikdir - burda baş qəhrəmanı baş qəhrəman edən qanun-qaydadır. Və belə ad tamamilə azərbaycanlısayaqdır. O anlamda ki, bizi qanunpərəst xalqlara aid etmək yumşaq desək, çətindir. Gəlin, bu həqiqətimizi (həqiqəti yox ha, məhz bizim həqiqətimizi) etiraf edək. Belə bir deyim var, deyirlər, qanunu pozmaq olmaz, amma onun yanından keçmək olar. Bizim "uzaqgörənliyimiz", "müdrikliyimiz" hər ikisini etməyə çatır. Və xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povestinin süjetini uzaq və son dərəcə gərgin 1930-cu illərdən ayrı da təhlil etmək mümkündür. Qısası, "Qanun naminə" filmi bədii əsərlə ekran əsəri arasındakı səddi yox edən, geniş oxucu kütləsini geniş tamaşaçı dairəsi ilə əvəz edən az sayda yaradıcılıq nümunələrindəndir. Əsərdə də, filmdə də vətənpərvərliyin qanunpərvərlik olduğunu anladan qat da var, lirik, dramatik qatlar da, triller elementi də...

Bizim Mehman, onların Bimbolatı

Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR-in xalq artisti, Tacikistanın və Şimali-Osetiyanın Dövlət Mükafatları laureatı, Şimali Osetiya-Alaniya Respublikasının mədəniyyət naziri (1994-2000) Bimbolat Vatayev (Bibo Vatayev) (1939-2000) Şimali Osetiya-Alaniya Respublikasının Yeni Batako kəndində dünyaya gəlib. Şukin adına Teatr Məktəbini (Y.Lyubimovun kursu -red.) bitirib. 1959-cu ildən Şimali Osetiya Musiqili - Dram Teatrının aktyoru, 1964-65-ci illərdə "Taqanka" teatrının aktyoru olub. 1969-1975-ci illərdə "Tacikfilm" kinostudiyasının aktyoru, bir neçə televiziya filminin rejissoru olub. Kinoda 50-dən artıq obraz yaradıb. "Rüstəm haqqında dastan" trilogiyasındakı roluna görə Panama kinofestivalında "Ən yaxşı kişi roluna görə" nominasiyasının qalibi olub. Dünyasını Vladiqafqazda dəyişib və Şərəf Xiyabanında torpağa tapşırılıb. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var. 

B.Vatayevlə "Qanun naminə" filmində tərəf-müqabili (Züleyxa obrazı) olmuş Azərbaycanın xalq artisti Flora Kərimova Milli.Az-ın əməkdaşı ilə söhbətində təəssüflə bildirdi ki, o filmin çəkilişlərindən, konkret olaraq, Bimbolat Vatayevlə bağlı xatirəsində heç nə qalmayıb. F.Kərimova: "Məni o filmə aldadıb çəkmişdilər. Demişdilər ki, epizodik Balış roluna çəkiləcəksən, ona görə razılaşmışdım. Sonra Balış roluna çəkmək üçün Bimbolat öz nişanlısını (K.Sədiyeva-red.) gətirdi. Sonralar mən Bimbolatı bir özbək filmində gördüm, onda bir qədər kökəlmişdi, ona görə yalnız uşaq saflığını andıran təbəssümündən tanıdım. Və ifa etdiyi obrazı necə təbiiliklə canlandırmasına heyran qaldım". 

Daha bir ilk var imiş

Nəhayət, gəlib çatdıq araşdırmamızın özəyinə. Milli.Az olaraq araşdırıb tapdıq ki, "Qanun naminə" ekran əsəri təkcə Muxtar Dadaşovun bədii kinoda debütü deyilmiş.

Xalq artisti Fərəc Qarayevin "Qanun naminə" filmi ilə bağlı eksklüziv xatirələri:

"Bu, mənim kinoda ilk böyük işim idi. Hər şey tamamilə gözlənilmədən başladı. Telefon zəng çaldı, atam dəstəyi götürüb cavab verdi. Söhbətə qulaq asmasam da, qeyri-ixtiyari onun hansısa yaxşı tanıdığı insanlardan biri ilə danışdığını, nəyəsə etiraz etdiyini və nədənsə boyun qaçırdığını eşitdim. Birdən bərkdən nəyəsə güldüyünü eşitdim. Atam xəttin o biri tərəfindəki adamdan soruşdu: "Sən doğrudan onu dəvət etmək istəyirsən? Amma o cavandır, bu müəyyən bir riskdir..."

Bir azdan o həmsöhbəti ilə sağollaşıb dəstəyi telefonun üstünə qoydu və məni yanına çağırıb soruşdu ki, kiminlə danışdığını anladımmı? Mən dedim ki, yox, anlamadım... Atam bildirdi ki, bu bizim gözəl rejissorumuz Muxtar Dadaşov idi, o yeni filmin çəkilişlərinə başlayır və səni bu filimin musiqisinin müəllifi kimi dəvət edir.

Sən demə, Muxtar Babayeviç özünün yeni ssenarisi və çəkllişlərinə başlamağa hazırlaşdığı ilk müstəqil filmi haqqında atama danışmağa başlayanda atam elə zənn edib ki, rejissor filmin musiqisini yazmağı ona həvalə etmək istəyir, buna görə də işinin çoxluğu səbəbindən bəri başdan imtina edib. Lakin aydın olub ki, söhbət görkəmli bəstəkarla işbirliyindən yox, gənc bəstəkardan, yəni məndən gedir - Muxtar Babayeviç məhz məni bu filmin musiqisini yazmağa dəvət etmək istəyirdi. Muxtar müəllim deyirdi ki, gənclərlə işləmək ona böyük sevinc və məmnunluq hissi bəxş edir. Buna görə də atamdan mənimlə bu təklif haqqında danışmağı xahiş etmişdi. 

Bu kifayət qədər cəsarətli addım idi - hər təcrübəli rejissor gənc, bədii kinonun musiqisini yazmaq təcrübəsi olmayan bəstəkarla işləməyə qərar verə bilməzdi. Və təbii ki, mən böyük ruh yüksəkliyi ilə təklifi qəbul etdim. Muxtar müəllim ssenarini verdi ki, oxuyub tanış olum. Növbəti görüşümüzdə isə müfəssəl izah etdi ki, hansı epizodlarda musiqi eşitmək istərdi, bu və ya digər epizoda hansı səciyyədə musiqinin uyğun olduğunu başa saldı. Onun izahatları çox həssas, sərbəst idi, heç vəchlə gənc müəllifin özü haqqında bədgüman olmasına şərait yaratmırdı. Bu söhbətlər həmmüəlliflərin dialoqu idi və burda didaktikaya heç bir yer yox idi.

Az sonra biz Muxtar müəllimlə yenidən görüşdük və mən onun üçün filmin ən həlledici epizodlarına uyğun gələn bir neçə musiqi parçası çaldım. Gizlətmirəm, çox həyəcanlanırdım! Amma hər şey yaxşı keçdi və belə anladım ki, rejissor mənim royalda kifayət qədər nahamar ifamdan razı qalmışdı.

Musiqinin yazılışı Moskvada aparıldı, o vaxt bu qayda halında idi. Bütün texniki və inzibati məsələlər öz qaydasında getdi. Muxtar müəllim bütün bu müddət ərzində təbii ki, yanımda olurdu. Və mən onun musiqi parçalarının hər birinin məşqindəki nidalarını yaxşı xatırlayıram: "Bax bu yuxu, saat...! Bu isə zalım, xain...! Bu da Mehmanın mövzusu!" Onun səsinin ahəngi xeyirxah idi. Tez-tez arxaya çönüb mənə baxaraq baş barmağının işarəsi ilə yazdığım musiqini qəbul etdiyini bildirirdi.

Sonra isə Bakıda filmin premyerası oldu. Hamı yeni ekran əsərinin müəlliflərini təbrik edirdi, onlara daha böyük uğurlar arzulayırdı. Mənim üçün isə bu filmin yaradıcı heyətinin üzvü olmaq əla bir məktəb keçməyə bərabər idi. Və məsələ təkcə onda deyil ki, görkəmli rejissorla çalışmaq şansı qazanmışdım, əsas məsələ onda idi ki, gənc müəllifə etimad göstərmək, onu öz qüvvəsinə inandırmaq nə qədər mühüm imiş. Yaşca səndən böyük həmkarının və ya pedaqoqun etimadı həmin gəncin taleyində təyinedici, müəyyənləşdirici rol oynayıb sonrakı sənət yolunda həlledici addım ola bilər. Bu mənada mən həmişə Muxtar Babayeviçi özümə nümunə bilmişəm və ömrüm boyu ona minnətdar olmuşam."

Fərəc müəllimin musiqisinin "ayağı" sayalı olub - kino bəstəkarı kimi növbəti dəvəti Eldar Quliyevin "Bir cənub şəhərində" filminə alıb. Və bu barədə artıq şərhə ehtiyac yoxdur. Artıq araşdırmaya isə təbii ki, hər zaman ehtiyac var. Odur ki, sevimli rubrikamızda yeni görüşlərədək...

Milli.Az
 


Xəbər lenti